Nov 04, 2024 | 16:38 Konfranslar, iclaslar
Baş direktor professor Zakir Eminovun sədrliyi ilə keçirilən Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarı Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olan böyük dövlət və ictimai xadim, siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilib.
Şöbə müdiri a.ü.f.d., dosent Ənvər Əliyev mövzu üzrə təqdimatla çıxış edib.
M.Ə.Rəsulzadənin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olan natiq bildirib ki, o eyni zamanda, Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında müxtəlif janrlarda 1200-dən çox yazısı dərc olunub.
Rəsulzadənin ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpası uğrunda istiqlal mübarizəsini davam etdirdiyini diqqətə çatdıran Ə.Əliyev deyib ki, “Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt qoyulmuşdu. Batum konfransında tərəflər dil tapa bilməsəydi, öz aralarında Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya, digər hissəsi isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi.
...Azərbaycan tərəfi də məcburiyyət üzündən, müstəqil dövlət olmaq üçün tarixi torpaqlarını Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi - Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu”.
Məruzəçi nitqini bu sözlərlə sona çatdırıb: “Tarixin ən amansız məqamlarından biri isə 1918-ci il mayın 29-da oldu! Doqquz min kv. kilometr sahədə - Azərbaycan torpağları hesabına gələcəyin ən fitnəkar dövləti olan Ermənistan dövləti yarandı!”.