Dec 02, 2024 | 11:20 Konfranslar, iclaslar
AR ETN Neft və Qaz İnstitutunun təşkilatçılığı, SOCAR və BP şirkətlərinin sponsorluğu ilə 4-5 dekabr ayının 4-5-də “Xəzər regionunun neftqazlılığı və geoekoloji problemləri” mövzusunda "Xoşbəxt Yusifzadə qiraətləri" adlı beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans “Xəzərin geoloq fatehi”, böyük alim və elm təşkilatçısı, Xəzər dənizində 20-dən çox neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşfinə bilavasitə rəhbərlik və iştirak etmiş akademik Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunub.
Konfransdan məqsəd neft-qaz axtarışı sahəsində yeni elmi metod və texnologiyaların tətbiqinin yeni neft və qaz vilayətlərinin öyrənilməsində tətbiqi, o cümlədən neft və qaz yataqlarının istismarında qarşıda duran texnoloji və ekoloji problemlərin müzakirəsidir. "Xoşbəxt Yusifzadə qiraətləri" konfransında təcrübəli alimlərlə yanaşı gənc mütəxəssislər də iştirak edirlər. Müxtəlif ölkələrdən olan natiqlər müasir neft və qaz geologiyası sahəsinin ən aktual problemlərini işıqlandıracaqlar.
Tədbir çərçivəsində AR ETN Neft və Qaz İnstitutu və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən modelləşdirilmə məktəbi təşkil ediləcək. Məktəbdə “Geoloji proseslərin və karbohidrogen sistemlərinin modelləşdirilməsi” adlı təlim kursunun keçirilməsi nəzərdə tutulur. Konfransın işində 10-a yaxın ölkədən alim iştirak edəcək, ümumilikdə 80-dən çox məruzə dinləniləcək.