AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi konfransı öz işinə başlayıb
Dec 04, 2024 | 15:37 Konfranslar, iclaslar

AR ETN Neft və Qaz İnstitutunun təşkilatçılığı, SOCAR və BP şirkətlərinin sponsorluğu ilə görkəmli neftçi-geoloq, “Heydər Əliyev Mükafatı” laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunmuş “Xəzər regionunun neftqazlılığı və geoekoloji” problemləri mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi konfransı  bu gün öz işinə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri Bölməsinin alimləri, AR ETN-nin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, AR ETN Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, BP-nin Xəzər Regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADNSU-nun rektoru v.i.e. Vazeh Əskərov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Neft və Qaz İnstitutunun, SOCAR-ın əməkdaşları, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İsrail, Ukraynadan alimlər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AR ETN Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov çıxış edərək akademik Xoşbəxt Yusifzadənin Azərbaycanın neft sənayəsində parlaq səhifələr yazmış görkəmli neftçi geoloq olduğunu söyləyib. Qeyd edib ki, akademik Xoşbəxt Yusifzadə Xəzər dənizindəki axtarış-kəşfiyyat işlərinə uzun illər rəhbərlik etmiş və onun bilavasitə iştirakı ilə 20-dən çox neft və qaz yatağı, o cümlədən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilərək istismara verilib. Bildirilib ki, həmin yataqların kəşfi və onların karbohidrogen ehtiyatları Azərbaycanın iqtisadi təhlükəsizlik sistemində mühüm əhəmiyyət kəsb edib.

Həmçinin diqqətə çatdırılıb ki, Xoşbəxt Yusifzadə eyni zamanda neft və qaz sənayesinin aktual problemlərinin həlli, neft-qaz hasilatının inkişafı və geofiziki axtarış üsullarının təkmilləşdirilməsi sahəsində fundamental araşdırmaların müəllifi kimi tanınmışdır.

Daha sonra çıxış edən AR ETN-nin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə görkəmli neftçi-geoloq alim Xoşbəxt Yusifzadə ilə bağlı xatirələrini bölüşüb. Diqqətə çatdırıb ki, Xəzər dənizinin dibinə yaxından bələd olan Xoşbəxt Yusifzadə keçmiş SSRİ-nın hökumət başçısı Aleksey Kosıginin qarşısında inamla çıxış edərək Azərbaycanın neft ehtiyatları ilə bağlı məruzə edib, sovet rəhbərliyinin diqqətini bu istiqamətə yönəldə bilib.

Akademik Akif Əlizadə bildirib ki, alkademik Xoşbəxt Yusifzadə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında çalışaraq Azərbaycan neftinin salnaməsini yazıb, dövlətimizin iqtisadi gücünü artıran “Əsrin müqaviləsi” kimi tarixi sənəd imzalanıb.

O, çıxışının sonunda Xoşbəxt Yusifzadənin həyatının gənc kadrlara bir nümunə olduğunu, yeni nəslin yetişməsi üçün elmlə istehsalatın vəhdətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbir iştirakçılarını Akademiya adından salamlayıb, AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadənin akademik, ziyalı adını ucaldan şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edib ki, geologiya sahəsində dərin biliklərə malik olan, Xəzər dənizini çox yaxşı tanıyan Xoşbəxt Yusifzadə kompleks araşdırmaları, zəngin dünya görüşü, kəşfləri ilə Azərbaycan neftinə həyat verib, neft sənayemizin elmi sütununu təşkil edib. İ.Həbibbəyli diqqətə çatdırıb ki, keçmiş sovet dövründə, eləcə də müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin həm neft siyasəti, həm də dövlətçilik məktəbini keçməklə dahi liderin əsasını qoyduğu Azərbaycanın neft strategiyasının həyata keçirilməsində peşəkar neftçi-geoloq kimi öz sözünü deyib. Natiq bildirib ki, yüksək təcrübə və biliyə malik olan Xoşbəxt Yusifzadə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin himayəsində “Əsrin müqaviləsi”nin imzalanmasında və həyata keçirilməsində xüsusi rol oynayıb. Alimin müstəqillik illərində Prezident İlham Əliyevin neft siyasətinin bələdçisinə çevrildiyini, dövlətimizin iqtisadi gücünü artıran “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” kimi iri neft və qaz yataqlarının kəşfi və istehsalında mayak rolunu oynadığını vurğulayıb.

AMEA rəhbəri görkəmli alim Xoşbəxt Yusifzadənin istehsalatla yanaşı, həm də peşəkar elmi tədqiqatları ilə Azərbaycan neft elmi məktəbini yaratdığını deyib.

Bundan əlavə, Xoşbəxt Yusifzadənin Azərbaycan humanitar və ictimai elmlərinə də öz töhfəsini verdiyini, alimin dəstəyi ilə Akademiyada “Molla Nəsrəddin lətifələri” kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb. 

Xoşbəxt Yusifzadə ilə bağlı xatirələrini bölüşən AMEA prezidenti neftçi alimin həm də ədəbiyyat sevdalısı olduğunu, görkəmli akademikin Səməd Vurğunun “Vaqif” dramını əzbərdən söylədiyinə şahidlik etdiyini bildirib.

Sağlığında Xoşbəxt Yusifzadənin adının dövlətimiz tərəfindən əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edən akademik İsa Həbibbəyli 112 nömrəli tam orta məktəbə, Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinə görkəmli neftçi-alimin adının verildiyini, tankerin istifadəyə verilməsi mərasimində cənab Prezident İlham Əliyevin də iştirak etdiyini xatırladaraq bu yüksək qiymətin dövlətimizin başçısı tərəfindən həm də ümumilikdə Azərbaycan ziyalısına, aliminə verildiyini deyib.

Akademik İsa Həbibbəyli əfsanəvi nefçi-alim Xoşbəxt Yusifzadənin ideyalarının xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib.

Konfransda, həmçinin SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, BP-nin Xəzər Regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Ziyad Səmədzadə, ADNSU-nun rektoru v.i.e. Vazeh Əskərov və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənd filialından professor Bahşillo Akramov çıxış edərək akademik Xoşbəxt Yusifzadə ilə bağlı xatirələrini bölüşüblər, onun yüksək insani keyfiyyətlərə və güclü yumor hissinə malik olduğunu, mühüm tədqiqatları ilə Azərbaycanın neft strategiyasını zənginləşdirdiyini bildiriblər.

Çıxışlardan sonra akademik Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayişetdirilib. 

Plenar iclasdan sonra tədbir öz işini məruzələrin dinlənilməsi ilə davam etdirib.

Qeyd edək ki, konfrans çərçivəsində AR ETN Neft və Qaz İnstitutu və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti tərəfindən modelləşdirilmə məktəbi təşkil ediləcək. Məktəbdə “Geoloji proseslərin və karbohidrogen sistemlərinin modelləşdirilməsi” adlı təlim kursu keçiriləcək. Konfransda ümumilikdə 80-dən çox məruzə dinləniləcək.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023