AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
GGİ əməkdaşları Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirində iştirak ediblər
Jun 10, 2025 | 10:08 Görüşlər

ETN Geologiya və Geofizika İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Tələt Kəngərli, c.e.d. Vaqif Məmmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli    AR Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin tədbirləri çərçivəsində “Qarabağın təbii ehtiyatları” mövzusunda “dəyirmi masa”da iştirak ediblər.  

Tədbir AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilib.

“Dəyirmi masa”da Azərbaycan mütəxəssislərilə yanaşı Qazaxıstan, Özbəkistan və Rusiya alimləri də iştirak ediblər.

Akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq xüsusilə Qarabağ və Şərqi Zəngəzurun təbii və iqtisadi potensialı barədə iştirakçılara ətraflı məlumat verib, yeni inkişaf dövrünü yaşayan bu bölgənin təbii sərvətləri barədə geniş məlumatları ehtiva edən “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın mahiyyətindən bəhs edib. Sonra monumental atlas barədə təqdimat üçün sözü AMEA-nın müxbir üzvü Tələt Kəngərliyə verib. 

   T.Kəngərli Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat), Elm və Təhsil Nazirliyinin və AMEA-nın tərkibinə daxil olan elmi müəssisələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı əsasında hazırlanmış, Azərbaycan, ingilis, rus dillərində nəşr olunmuş “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın strukturu, mövzuları, əhatə dairəsi və nəşrdə yer almış çoxsaylı xəritələr barədə ətraflı təqdimatla çıxış edib. O, “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın 30 illik işğaldan sonra azad olunmuş regionun elmi cəhətdən bərpası və inkişafı istiqamətində atılan mühüm addım olduğunu deyib. Həmçinin iştirakçıların  yeni fundamental atlasla bağlı suallarını cavablandırıb. 

AMEA-nın prezidenti İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü Tələt Kəngərli Laçın şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Sevinc Cabbarovaya, Özbəkistan Elmlər Akademiyasının vitse-pezidenti, g.-m.e.d., professor Abdurazak Mirzayevə, Qazaxıstanın Nazarbayev Universitetinin professoru Emil Bayramova və digər qonaqlara “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası” nüsxələrindən hədiyyə edib.

Sonra Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, professor Vaqif Məmmədov Azərbaycanın çay şəbəkəsi və

əsas morfometrik parametrləri ilə bağlı geniş təqdimat reallaşdırıb. Alim  tədqiqatların nəticələrinə əsaslanaraq 

ölkəmizin su mənbələrinin ekologiyasına Ermənistan tərəfinin düşmən münasibətini faktlarla təqdim edib, həmçinin  aparılan dəyərli elmi tədqiqatlar və perspektivlər barədə ətraflı məlumat verib.

“Dəyirmi masa” zamanı müxtəlif ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi və bu sahədə qlobal çağırışlara birgə yanaşmaların formalaşdırılması məsələləri müzakirə olunub.

Akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək tədbirin elmi əhəmiyyətini xüsusi vurğulayıb, bununla da yeni-yeni tədqiqatlar üçün geniş meydan açıldığını diqqətə çatdırıb.

Sonda xatirə fotoları çəkdirilib. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023