Oct 13, 2025 | 09:51 Mühüm hadisələr
Otman-Bozdaq palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından olan Otman-Bozdaq palçıq vulkanı yenidən püskürüb. O, Bakıdan təxminən 40 km məsafədə, Qaradağ rayonunun Ümid yaşayış məntəqəsi yaxınlığında yerləşir. Vulkan hündürlüyü 400 metr olan konus şəklindədir. Onun zirvəsində 300 metr diametrində vulkan krateri yerləşir. Burada maye palçığı, neft və qaz qarışığını vaxtaşırı püskürən salzalar və qrifonlar fəaliyyət göstərir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Çoxsaylı püskürmələr nəticəsində yamaclarda uzunluğu bir neçə kilometrə çatan müxtəlif yaşlı güclü palçıq axınları əmələ gəlmişdir. Otman-Bozdaq Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupuna daxil olan Dövlət Təbiət Qoruğunun tərkibinə daxildir.
Bu il oktyabrın 11-də təxminən 08:30-09:10 aralığında Otman-Bozdağ palçıq vulkanında növbəti püskürmə baş vermişdir.
Azərbaycan Elm və Təhsil Nazirliyinin H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarından c.ü.f.d., dos. Zeynalova Səida, c.ü.f.d., dos. Kərimova Elina və c.ü.f.d., dos. Yunusov Müseib palçıq vulkanının püskürmə sahəsində müşahidələr aparmışlar. İlkin müşahidələrə əsasən baş vermiş püskürmə zamanı güclü qaz çıxışı müşahidə olunmuş və bu, xeyli hündürlüyə qalxan alov sütununun yaranmasına səbəb olmuşdur. Lakin atılmış brekçiya materialı vulkan yamacları ilə axan brekçiya axınlarının əmələ gəlməsi üçün kifayət etməmiş, palçıq kütləsi yalnız krater sahəsinin hüdudları daxilində yayılmışdır. Lakin çətin şərait səbəbindən vulkanın kraterinə qalxmaq və müvafiq tədqiqat işlərini aparmaq mümkün olmamışdır.
Vulkanın son püskürməsi 2018-ci ildə qeydə alınmışdır. O vaxt püskürmə zamanı böyük miqdarda brekçiya materialı atılmış və bu material vulkanın cənub-şərq yamacı boyunca bir neçə kilometr məsafəyə, hətta avtomobil yoluna qədər yayılmışdır.
Yerli sakinlər sözlərinə görə, 2018-ci ildə baş vermiş püskürmə zamanı güclü gurultu səsi eşidilsə də, indi baş verən püskürmə zamanı bu cür səs müşahidə olunmamışdır.


