AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ-də Dövlət Müstəqilliyinin bərpası günü qeyd
Oct 21, 2025 | 09:24 Maraqlı məlumatlar

18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə akademik H.Əliyev adına Coğrafiya İnstitutunda tədbir olub. Tədbir iştirakçıları  Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş igid oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclası giriş sözü ilə açan İnstitutun baş direktoru v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani bildirib ki, ötən əsrin sonlarında yaranmış tarixi-siyasi şərait Azərbaycan xalqına dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı yaratdı. 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz öz suveren inkişaf yoluna qədəm qoydu. Müstəqilliyə aparan bu prosesin başlanğıcı 1991-ci il avqustun 30-da AR Ali Sovetinin xalqın tələbi ilə keçirilmiş növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin qəbul olunması ilə qoyulmuşdu. Elə həmin ilin 18 oktyabr tarixində Ali Sovetin sessiyasında Konstitusiya Aktının yekdilliklə təsdiqlənməsi Azərbaycanın müstəqilliyini rəsmi şəkildə bərpa etdi.

Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının siyasi və hüquqi əsasları” mövzusunda çıxış edib. Məruzədə Azərbaycanın dövlət müstəqilliyinə aparan tarixi proseslər, 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının əhəmiyyəti və bu sənədin ölkənin siyasi-hüquqi inkişafında rolu geniş təhlil olunub. Çıxış zamanı qeyd edilib ki, həmin akt Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini formalaşdırmaqla ölkəmizin beynəlxalq aləmdə müstəqil subyekt kimi tanınmasına imkan yaradıb. 

İnstitut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək dövlət müstəqilliyinin bərpasının milli və siyasi əhəmiyyətini vurğulayıb, bu prosesin xalqın iradəsi ilə reallaşdığını qeyd edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023