AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
CoğrafiyaçIlar Qarabaq toponimlərini tədqiq edirlər
Oct 31, 2025 | 14:19 Maraqlı məlumatlar

Şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovanın rəhbərliyi altında Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin əməkdaşları Qarabağ və Şərqi Zəngəzur ərazisində ekspedisiyada olublar.

Tədqiqatçılar səfərdə “Şərqi Zəngəzur iqtisadi rayonunun tədqiqat tarixi və toponimiyası” adlı elmi tədqiqat iş çərçivəsində ərazilərimizin işğalı zamanı və işğaldan sonrakı dövrdə baş verən dəyişikliklərin - əhali məskunlaşmasının, sıradan çıxan və yeni yaranan coğrafi obyekt adlarının, aparılan bərpa və quruculuq işlərinin, təbiət aləminin qorunması faktlarının  və s. aşkar edilməsi məqsədini güdüblər.

Əməkdaşlar Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı və nəqliyyat infrastruktur sahələrlə yaxından tanış olub, müvafiq təşkilatların nümayəndələri ilə görüşüb fikir mübadiləsi aparıblar, tədqiqat işinə aid müxtəlif materiallar toplayıblar. 

Şöbə müdirinin sözlərinə görə,  işğal zamanı kənd, qəsəbə, şəhər və maddi mədəniyyət abidələrinin  xarabazarlığa çevrilməsi yüzlərlə yaşayış məntəqəsinin və saysız-hesabsız coğrafi obyekt adlarının sıradan çıxmasına, məhv olmasına səbəb olub. İşğaldan azad edilmiş torpaqlarda aparılan tikinti, abadlıq və quruculuq işlərindən ən dəyərlisi, yaşayış məntəqələrinin yenidən qurulması, müxtəlif infrastruktur sahələrinin genişləndirilməsi, “Böyük Qayıdış”la bağlı qaçqın və köçkünləri öz ata-baba yurdlarında mütamadi olaraq məskunlaşdırılması və yeni yaşayış məskənlərinin, istehsal sahələrinin  geniş vüsət alan quruculuq işlərinin  yaradılmasıdır. Laçın rayonunda Zabux, Sus, Bəylik kəndlərinin yenidən qurulması, Həkəri çayı üzərində Həkəri bulvarının salınması, Laçın hava limanının, Laçın otelinin və Zəngilan rayonunda Birinci, İkinci, Üçüncü Ağalı kəndlərinin pilot layihəsi çərçivəsində birləşdirilərək Ağıllı (Ağalı) kənd adlandırılması alqışlanandır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023