AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Xəzər dənizinin Kənarmeşə kəndi sahilində çöl müşahidələri aparılıb
Dec 03, 2025 | 10:33 Maraqlı məlumatlar

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibi c.ü.f.d. dosent Səidə Zeynalova Lənkəran rayonunun Kənarmeşə kəndi yaxınlığında Xəzər dənizinin sahilində çöl müşahidələri aparıb. 

Alimin tədqiqatları son məlumatlara görə qədim meşənin qalıqları kimi şərh edilən ağac kötüklərinin aşkar olunduğu sahilyanı zonanın xüsusiyyətlərinin öyrənilməsinə yönəlib.

Bu məlumatın yayılması geniş ictimai maraq doğurub və kütləvi informasiya vasitələrində obyektlərin mənşəyi ilə bağlı bir neçə fərziyyə irəli sürülüb. Ən geniş yayılan ehtimallardan biri aşkar edilmiş ağac  kötüklərinin Xəzərin səviyyə dəyişmələri və nəticədə onların üzə çıxması ilə bağlı təbii yolla formalaşdığına əsaslanır.

Lakin aparılmış çöl müşahidələri və obyektlərin bəzi morfoloji xüsusiyyətlərinin vizual müqayisəsi fərqli bir izah irəli sürməyə imkan verir. Mövcud məlumatlar aşkar edilmiş formaların antropogen mənşəli olma ehtimalını göstərir.

Birincisi, müəyyən olunmuş elementlər 0,60–0,80 m intervalında eyni hündürlüyə malikdir, diametri 0,80–1,0 m  (nadir hallarda 1,80 m), gövdələrin çevrəsi (perimetri) orta hesabla 2–2,10 m təşkil edir (nadir hallarda kötüyün aşağı hissəsində 3,80 m-ə çatır). Bu isə bu tip formaların təbii şəkildə yaranması üçün qeyri-tipik göstəricidir.

İkincisi, onların məkan üzrə nisbətən nizamlı şəkildə düzülməsi müşahidə olunur ki, bu da təşkil olunmuş struktur təəssüratı yaradır. Xüsusilə dinamik sahilyanı zonada uzunmüddətli destruksiya keçirmiş təbii meşə massivləri üçün belə nizamlı yerləşmə ehtimalı olduqca azdır.

Bundan əlavə, ağac kötüklərinin qalıqlarının vəziyyəti və onun saxlanma dərəcəsi ehtimal edilən yaş və uzunmüddətli su mühiti təsiri ilə tam uyğunluq təşkil etmir. Bu əlamətlərin birgə mövcudluğu qalıqların təbii mənşə versiyasını azaldır və diqqəti sahilyanı zonanın transformasiyası nəticəsində müasir dəniz təsiri altında qalmış keçmişdə antropogen  mənşəli sahələrinin mövcudluğu istiqamətinə yönəldir.

Beləliklə, aparılmış ilkin araşdırmalar Kənarmeşə sahillərində aşkar olunan fraqmentlərin sonradan dağıntıya (agac kəsilməsi)  məruz qalmış antropogen obyektlərin qalıqları ola biləcəyini ehtimal etməyə imkan verir. Gələcəkdə aparılacaq laboratoriya analizləri, o cümlədən ağac toxumasının və geokimyəvi göstəricilərin tədqiqi, həmçinin arxiv xəritə materiallarının müqayisəsi bu qalıqların mənşəyini dəqiq müəyyən etməyə və sahilyanı zonanın inkişaf tarixini bərpa etməyə imkan verəcək.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023