AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dec 11, 2025 | 10:08 Mühüm hadisələr

ETN-in Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Coğrafiya İnstitutunun dəvəti ilə görkəmli siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov iştirak edib.

Böyük öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktor v.i.e. c.ü.f.d. dosent Zaur İmrani çıxış edərək bildirib ki, 12 dekabr tarixi azərbaycanlıların taleyində dönüş yaradan bir şəxsiyyətin xatirəsinin şərəflə yad edildiyi gündür. Xalqımız hər il dahi şəxsiyyət Heydər  Əliyevin anım gününü böyük ehtiram və el məhəbbəti ilə qeyd edir. O öz həyatını xalqın rifahına, dövlətimizin inkişafına həsr etdi. Elmimizdəki, mədəniyyətimizdəki, iqtisadiyyatımızdakı bugünkü uğurlarımızın bir çoxu onun adı ilə bağlıdır. Heydər Əliyevin irsi dövlətçilik mədəniyyəti, vətənə xidmət, milli maraqların qorunması deməkdir. Onun özünün dediyi kimi, “Azərbaycan mənim ürəyimdir”, – biz də bu ideya ilə yaşayır, çalışır və gələcək nəsillərə örnək olmağa çalışırıq.

İnstitutun rəhbəri nitqinin sonunda sözü çıxış üçün dahi Heydər Əliyevlə birgə işləmiş, Azərbaycan dövlətinin formalaşması dövründə mühüm rol oynamış keçmiş xarici işlər naziri, tanınmış diplomat, tarixçi-alim Həsən Həsənova verib.

Dəvət üçün İnstitut rəhbərliyinə təşəkkürünü bildirən Həsən Həsənov Heydər Əliyevlə bağlı xatirəlindən, onun Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, elm, mədəniyyət, ordu quruculuğuna sərf etdiyi əməyindən danışıb. Qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı və sənaye sahələrində geriliklər aradan qaldırılıb, islahatlar nəticəsində böyük dəyişikliklər baş verib. Heydər Əliyev Azərbaycan dilinin tədrisinə xüsusi önəm verib, müəllimlərin və çoxuşaqlı kənd ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb.

Daha sonra bildirib ki, Ulu Öndər nöqsan və çatışmazlıqlara qarşı barışmaz, təşəbbüskar və tələbkar olub. Eyni zamanda mövcud çətinliklərə baxmayaraq Sovet dövründə Azərbaycanın milli-dövlətçilik hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmış Nəriman Nərimanovun adının yalnız yazıçı-dramaturq kimi deyil, həm də ictimai-siyasi və dövlət xadimi kimi bərpa olunmasına nail ola bilib. 

Çıxışının sonunda verilən sualları cavablandıran keçmiş nazir müəllifi olduğu “Azərbaycanın tarixi coğrafi atlası” ikicildliyini Coğrafiya İnstitutuna hədiyyə edib.

Tədbirdə həmçinin Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər, abidəsi önünə gül dəstələri qoyublar.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023