AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunun 2025-ci ildəki yekun hesabatı dinlənilib
Dec 19, 2025 | 10:14 Konfranslar, iclaslar

AMEA Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutunun birgə iclasında ETN Coğrafiya İnstitutu publik hüquqi şəxsin 2025-ci ildəki elmi və innovasiya fəaliyyətinin yekun hesabatı dinlənilib. 

Yer Elmləri Bölməsi Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani hesabat məruzəsi ilə çıxış edib. 

İnstitut rəhbəri bildirib ki, Azərbaycanın iqlim xəritələrinin hazırlanması və iqlim ehtiyatlarının müəyyən olunması ilə əlaqədar işçi qrupu yaradılıb. İşçi qrup tərəfindən ölkə ərazisində istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti ilə bağlı cədvəllər və xəritələr tərtib edilib. Böyük Qayıdış proqramı ilə əlaqədar Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modeli hazırlanıb. 3D modellər ərazinin coğrafi quruluşunu daha realistik təqdim etməklə yanaşı, ekoloji tədqiqatlarda, landşaft planlaşdırılmasında, turizm marşrutlarının təyinində və tədris prosesində geniş istifadə olunur.

Z.İmrani 2025-ci ildə elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələr, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, qrantlar, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, çöl tədqiqatları, seminarlar, yubileylər və görülmüş digər işlər barədə məlumat verib.

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun keçmiş baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev rəhbəri olduğu müəssisənin 2025-ci ildəki elmi və innovasiya fəaliyyətinin yekun hesabatı haqqında məruzə ilə çıxış edib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. BDU-nun kafedra müdiri, professor Şövqi Göyçaylı, BDU-nun coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Coğrafiya İnstituunun şöbə müdiri  professor Rza Mahmudov, Cİ-nin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Məhəmməd Abduyev və başqaları çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

Müzakirə və çıxışlardan sonra Coğrafiya İnstitutunun 2025-cü ildə elmi və innovasiya fəaliyyəti haqqında illik hesabatı yekdilliklə qəbul edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023