Dec 22, 2025 | 10:01 Konfranslar, iclaslar
Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi astrometriya və səma mexanikası/məsafədən zondlama üzrə fəlsəfə doktoru Bəhruz Əhədov T.C. Orta Doğu Texnik Universitetinin Kipr korpusunda tələbələrə “InSAR və Optik Uzaqdan Zondlama ilə Yer Müşahidəsi: Geodinamika, Çoxriskli Proseslər və İqlim Dəyişikliyində Tətbiqlər” mövzusunda seminar keçib. Seminar ODTÜ Kipr kampusu, Neft Mühəndisləri Cəmiyyətinin (SPE) tələbə təşkilatının sədri Adnan Bunyatovun təşkilatçılığı ilə reallaşıb.
A.Bunyatov məruzəçinin elmi tədqiqtları ilə bağlı qısa məlumat verdikdən sonra Bəhruz Əhədovun məruzəsi dinlənilib. Təqdimat zamanı kosmik texnologiyalara əsaslanan müxtəlif peyk məlumatları və müasir analiz metodlarının yer elmlərində istifadəsi geniş şəkildə izah edilib. Eyni zamanda neft-qaz sahələrində risklərin qiymətləndirilməsi, yer səthində deformasiyalarının monitorinqi və iqlim dəyişikliyi ilə bağlı proseslərin təhlili üzrə real elmi nəticələr təqdim olunub. Seminar əsasən texnoloji yanaşmaların izahı və praktiki tətbiqlər üzərində qurulub.
İştirakçılar tədbiri maraqla qarşılayıblar və aparılan müzakirələr çərçivəsində tələbələrin sualları ətraflı cavablandırılıb.
Sonda Neft Mühəndisləri Cəmiyyətinin rəhbərliyi Bəhruz Əhədova maraqlı seminar üçün təşəkkür edib.


